İşğaldan azad edilmiş ərazilərdə yanğından mühafizə üçün Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən “KamAZ” markalı 100 yanğınsöndürən və “İveco” markalı 50 xüsusi təyinatlı yanğınsöndürən avtomobil alınıb. Bunu fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov deyib.
Dekabrın 9-da Prezident İlham Əliyev FHN tərəfindən alınmış və işğaldan azad olunmuş ərazilərdə istifadə ediləcək xüsusi təyinatlı texnikalarla tanış olub.
K.Heydərov dövlət başçısına məlumat verib ki, “İveco” markalı avtomobillərdən 9-u artıq idxal olunub, 41-nin idxalı isə 2023-cü ilin birinci rübündə nəzərdə tutulur.
Bundan başqa, müxtəlif texnogen, təbii qəzalar və yol-nəqliyyat hadisələri zamanı xüsusi xilasetmə işlərinin aparılması, işğaldan azad edilmiş ərazilərdə yüklərin və köməkçi materialların daşınması üçün FHN tərəfindən “Nissan Patrol” markalı 5, “Lada Niva Travel” markalı 11 və “QAZEL” markalı 6 avtomobil (onlardan 3-ü idxal edilib, digərləri isə cari ilin sonunadək idxal olunacaq) alınıb.
Nazirlik tərəfindən alınan “GCS (Global Clearance Solutions) – 200” markalı, dizel mühərrikli, kənardan idarəedilən, müasir minatəmizləyən 4 robot işğaldan azad olunmuş rayonlarda piyada və tank əleyhinə minalarla çirklənmiş ərazilərin təmizlənməsi işlərində istifadə olunacaq.*
R.Əhmədov