İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi təcili tibbi yardım avtomobillərinin sayını 1,5 min ədədə qədər artırmağı planlaşdırır. Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.
Dekabrın 9-da Prezident İlham Əliyev İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən alınmış 65 ədəd müasir təcili tibbi yardım avtomobili ilə tanış olub.
“Bakı şəhəri və respublikanın digər şəhər və rayonlarında fəaliyyət göstərən tibb müəssisələrinin, təcili və təxirəsalınmaz tibbi yardım məntəqələrinin ümumilikdə 1487 ədəd təcili tibbi yardım avtomobili ilə təmin edilməsi nəzərdə tutulub və indiyədək tibb müəssisələri 909 tibbi yardım avtomobili ilə təmin edilib”, - deyə Z.Əliyev AzTV-yə müsahibəsində bildirib.
O qeyd edib ki, 65 ədəd təcili tibbi yardım avtomobilinin bölgüsü aparıldıqdan sonra ümumilikdə ölkə üzrə istifadədə olan təcili tibbi yardım avtomobillərinin sayı 974 olacaq.
Sədr əlavə edib ki, 2023-cü ildə 100 ədədə qədər yeni təcili tibbi yardım avtomobilinin alınması planlaşdırılır.*
X.Nəsirzadə