2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın beynəlxalq hava limanları 5 milyona yaxın sərnişinə xidmət göstərib. Bu barədə “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin məlumatında deyilir.
Cari ilin noyabr ayında Bakı hava limanının xidmətlərindən 375 min nəfər istifadə edib ki, onlardan da 324 mini beynəlxalq reyslərin sərnişinləridir.
AZAL və “Buta Airways” aşağıbüdcəli sərnişin aviaşirkəti tərəfindən noyabr ayında beynəlxalq istiqamətlərdə müvafiq olaraq 91 min və 45 min sərnişinə xidmət göstərilib. Qeyd edilən aviaşirkətlərin beynəlxalq daşımaların ümumi sayında payı müvafiq olaraq 28% və 14% təşkil edib.
2022-ci ilin noyabr ayında Heydər Əliyev Beynəlxalq Aeroportuna 28 xarici aviaşirkət müntəzəm uçuşlar həyata keçirib. Ən çox sərnişin AZAL və “Buta Airways” ilə yanaşı, “Türkish Airlines”, “Aeroflot”, “Utair”, “FlyDubai” və “Azimuth” aviaşirkətləri tərəfindən daşınıb.
Ötən ay Bakıdan ən populyar beynəlxalq istiqamətlər onluğuna Moskva, İstanbul, Dubay, Tbilisi, Əbu-Dabi, Şarca, Daşkənd, Mineralnıye Vodı, Ciddə və Ankara daxil olub. Ümumilikdə bu istiqamətlər üzrə 225 min nəfərə xidmət göstərilib.
Hazırda Azərbaycanın müxtəlif bölgələrində 8 beynəlxalq hava limanı fəaliyyət göstərir.
2021-ci ildə Azərbaycanın beynəlxalq hava limanları ümumilikdə 2,93 milyon sərnişinə xidmət göstərib ki, bu da 2020-ci ilin göstəricisindən 2 dəfə çoxdur.*
B.Rüstəmbəyov