2022-ci il noyabrın 30-dan dekabrın 12-dək Maliyyə Nazirliyi yanındaDövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi tərəfindən beynəlxalq maliyyə bazarlarında ticarət olunan və 2024-cü ildə geri qaytarılması nəzərdə tutulan 1 milyard 250 milyon ABŞ dolları məbləğində Azərbaycan Respublikasının xarici valyuta nominallı dövlət istiqrazlarının (avrobond) 350 milyon dolları həcmində olan hissəsi vaxtından əvvəl geri alınması əqdi başa çatdırılıb.
Nazirlikdən verilən məlumata görə, 350 milyon dollar məbləğində xarici valyutada ifadə olunmuş istiqrazlar nominal dəyərindən aşağı qiymətə alınıb.
Avrobondların geri alınması əqdi Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”da qarşıya qoyulan hədəflərə – xarici valyutada ifadə olunmuş borcun ümumi borc portfelində xüsusi çəkisinin azaldılmasını və müvafiq olaraq milli valyutada ifadə olunmuş borcun artırılması hədəfinin reallaşdırılması istiqamətində atılan addımdır.
Maliyyə Nazirliyi 2014-cü ilin fevral ayında 10 il müddətinə illik 5%-lə 1,25 milyard ABŞ dolları məbləğində avrobond yerləşdirib.
160-dan çox ölkənin institusional investorları Maliyyə Nazirliyinin avrobondlarını əldə etməyə maraq göstərib. Bununla yanaşı, investorlar tərəfindən təqdim edilmiş sifarişlərin sayı emissiya həcmindən 4 dəfə çox olub.
Avrobondların 47%-ni ABŞ, 25%-ni Böyük Britaniya, 18%-ni Almaniya, 10%-ni digər ölkələrdən olan investorlar əldə ediblər.
Daha əvvəl maliyyə naziri Samir Şərifov bildirmişdi ki, Azərbaycan 2023-2024-cü illərdə avrobond bazarına daxil olmağı planlaşdırır: “Biz 2023-2024-cü illərdə (2023-cü ilin sonu - 2024-cü ilin əvvəli) beynəlxalq bazarlarda öz istiqrazlarımızı (avrobondlar - İF) buraxmağı planlaşdırırıq”.*