Ukrayna tərəfindən daxil olmuş müraciətlərə cavab olaraq, mövcud vəziyyətlə əlaqədar zərər çəkmiş ərazilərin elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpası məqsədilə Azərbaycan tərəfindən Ukrayna xalqına əsas elektrik avadanlıqlarından ibarət humanitar yardım göndərilib. Bu barədə Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
““Azerenerji” ASC-nin təmin etdiyi 45 güc transformatoru və 50 generatorun ilk hissəsini daşıyan yük avtomobil karvanı bu gün Ukraynanın ölkəmizdəki səfirinin və “Azerenerji” ASC-nin nümayəndələrinin iştirakı ilə Qobu Enerji Qovşağının ərazisindən yola salınıb”, - deyə məlumatda bildirilir.
Sözügedən yükün çəkisi 52,2 ton təşkil edir və 4 TIR vasitəsilə daşınır. Ümumi məbləği təxminən 1 milyon 422 min manat olan humanitar yükün tam çatdırılması məqsədilə ikinci yük avtomobil karvanının yaxın günlərdə yola çıxması nəzərdə tutulub.
Ukraynadakı böhranla bağlı Azərbaycan Respublikasının göstərdiyi humanitar yardımın ümumi məbləği artıq 30 milyon manata yaxındır.*
R.Kərimov