Azərbaycan-Türkiyə birgə təlimləri regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasına töhfə verir. Bunu müdafiə naziri general-polkovnik Zakir Həsənov dekabrın 10-da 2022-ci ilin yekunlarına dair Müdafiə Nazirliyinin Kollegiya iclasında çıxışı zamanı deyib.
Nazir şəxsi heyətin peşəkarlığı və qoşunların döyüş hazırlığına xüsusi diqqət yetirilməsinin, döyüş hazırlığının daha da yüksəldilməsinin, o cümlədən təlimlərin və səhra məşğələlərinin intensivliyinin artırılmasının əhəmiyyətini vurğulayıb.
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən keçirilən Azərbaycan-Türkiyə birgə təliminin nəticələri təhlil edilib. Bakı şəhəri, eləcə də Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərini əhatə edən "Qardaş yumruğu" təliminin xüsusi əhəmiyyətə malik olduğu və qarşıya qoyulan tapşırıqların uğurla yerinə yetirildiyi bildirilib.
Sonra müdafiə nazirinin müşaviri general-polkovnik Bəxtiyar Ersay çıxış edərək Azərbaycan Ordusunun Türkiyə modelinə uyğunlaşdırılması istiqamətində görülən işlərdən, aparılan islahatlar nəticəsində əldə edilən yeni nailiyyətlərdən danışıb.
İclasda nazir müavinləri, qoşun növü komandanları, nazirliyin baş idarə, idarə, xidmət və müstəqil şöbə rəisləri, videobağlantı vasitəsilə azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmə komandirləri, həmçinin xüsusi təyinatlı təhsil müəssisələrinin rəisləri iştirak ediblər.*
R.Kərimov