Azərbaycanın Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarı və onun törətdiyi fəsadlarla bağlı ilkin monitorinqi növbəti təxribat nəticəsində baş tutmayıb.
“Biz həmin yerdə bir qrup aqressiv gəncin yığıldığını gördük. Onlar bizim həmin obyektlərə, yataqlara girişimizə mane oldular. Hesab edirik ki, bu, əvvəlcədən təşkil olunmuş təxribat idi. Həmin təxribatın arxasında oraya gəlmiş Vitali Balasanyan və özünü qondarma rejimin nümayəndəsi kimi təqdim edən Ruben Vardanyan dayanırdılar”, - deyə İqtisadiyyat Nazirliyinin nümayəndəsi Məsim Məmmədov bu gün jurnalistlərə açıqlamasında bildirib.
O əlavə edib ki, əvvəlki müzakirələr nəticəsində səfərin təşkil edilməsi ilə bağlı verdikləri sözlərə baxmayaraq, Rusiya sülhməramlı qüvvələri tərəfindən normal fəaliyyət üçün şərait yaradılmamışdı.
Daha əvvəl İqtisadiyyat Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaydığı birgə məlumata görə, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq dekabrın 10-dan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlarla bağlı ilkin monitorinqə başlayır.
Monitorinq zamanı faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış və müxtəlif istiqamətlər üzrə monitorinq, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi nəzərdə tutulub.*
R.Kərimov