2022-ci ilin noyabr ayında Azərbaycanda inflyasiya oktyabr ayında qeydə alınmış 1,6% səviyyəsində inflyasiyaya qarşı 1% təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Noyabrda respublikada inflyasiya 1% təşkil edib. Ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 1,2%, qeyri-ərzaq mallarının qiymətləri 1,6%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 0,4% bahalaşıb”, - Komitədən bildirilir.
2021-ci ilin noyabr ayı ilə müqayisədə 2022-ci ilin müvafiq dövründə inflyasiya 15,1% təşkil edib. Cari ilin noyabr ayında ərzaq malları ötən ilin eyni dövrü ilə müqayisədə 20,1% bahalaşıb.
Statistik məlumatlara görə, avqustda ət və ət məhsulları 0,8%, çörək və çörək məmulatları 1%, süd məhsulları 0,8%, mineral sular, sərinləşdirici içkilər və şirələr 0,4%, kərə və bitki yağları 0.5%, yumurta 3,2%, tərəvəz 5,7%, balıq və balıq məhsulları 1%, çay və kakao 2,8% bahalaşıb.
Hesabat ayında meyvə 2%, ucuzlaşıb, spirtli içkilər və tütün məmulatlarının qiyməti dəyişməyib.
2022-ci il noyabr ayının sonuna Azərbaycanda orta illik inflyasiya 13,8% (2022-ci ilin oktyabr ayının sonuna 13,7%) təşkil edib. Ərzaq məhsulları üzrə orta illik inflyasiya 19,5%, qeyri-ərzaq malları üzrə 8,3%, xidmətlər üzrə 10,4% səviyyəsində olub.
2021-ci ildə Azərbaycanda orta illik inflyasiya 6,7% təşkil edib.
İqtisadiyyat Nazirliyi 2022-ci ildə Azərbaycanda orta illik inflyasiyanı 12,5% səviyyəsində proqnozlaşdırır.**
N.Abbasova