2022-ci ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 45 milyard 111 milyon manatlıq istehlak malları satılıb ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 3% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə istehlakçılara 25 milyard 354,3 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları (2021-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə artım 2,2%), 19 milyard 756,7 milyon manatlıq qeyri-ərzaq malları (artım 3,8%) satılıb.
2022-ci ilin yanvar-noyabr aylarında alıcıların pərakəndə ticarət şəbəkələrində aldıqları mallara xərclədiyi vəsaitin 51,7%-i ərzaq məhsullarının, 4,5%-i içkilər və tütün məmulatlarının, 14,7%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,6%-i avtomobil benzini və dizel yanacağının, 5%-i elektrik malları və mebellərin, 2,1%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 15,4%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
2021-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 3,1%, fərdi sahibkarlar üzrə 2,4%, bazar və yarmarkalarda isə 4% artıb.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri 229 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 178,4 manatlıq qeyri-ərzaq malları alıb.
2021-ci ilin yekunları üzrə əhali istehlak mallarının alınması xərclərini 3,2% artırıb.**
B.Rüstəmbəyov