Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi təhsil müəssisələrində təmir-tikinti işlərinin həyata keçirilməsi mqsədilə 35 milyon 936,718 min manat ümumi məbləğdə 4 müqavilə bağlayaraq üç şirkət cəlb edib.
“İnterfaks-Azərbaycan” www.etender.gov.az portalına istinadən məlumat verir ki, "Azinvest İnşaat" QSC ilə müvafiq olaraq 6 milyon 776,251 min manat və 9 milyon 45,691 min manat dəyərində iki müqavilə imzalanıb. Birinci müqavilə Abşeron rayonu, Xırdalan şəhər 8 nömrəli tam orta məktəbin sökülərək yerində 960 şagird yerlik yeni binanın tikintisini, ikinci müqavilə - Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsinin Aprel Zəfəri küçəsində 1200 şagird yerlik yeni tam orta məktəbin tikintisini nəzərdə tutur.
Növbəti müqavilə 10 milyon 886,927 min manat dəyərində"İdeal TM" QSC ilə imzalanıb və Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Sulutəpə yaşayış massivində 313 nömrəli tam orta məktəbin əsaslı təmiri və 800 şagird yerlik əlavə korpusun tikintisini nəzərdə tutur.
"Araz İnşaatçı" MMC ilə imzalanmış dördüncü müqavilənin predmeti Beyləqan rayonu, Kəbirli kənd 1 nömrəli 504 şagird yerlik tam orta məktəbin əsaslı təmiri və 320 şagird yerlik əlavə korpusun tikinti işləridir. **
X.Nəsirzadə