Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan və Türkmənistan başçıları İlham Əliyev və Sərdar Berdiməhəmmədov ilə görüşdə ölkələrin ticarət, enerji və nəqliyyat sahələrində əməkdaşlığının dərinləşdirilməsini müzakirə etməyi planlaşdırır. Bu barədə Türkiyə liderinin saytında məlumat verilir.
«Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədovun dəvəti ilə 14 dekabr, çərşənbə günü “Avaza”da keçiriləcək sammitdə Azərbaycan prezidenti İlham Əliyevin, o cümlədən Türkiyə prezidentinin iştirakı ilə üç dost və qardaş ölkənin, xüsusilə ticarət, enerji və nəqliyyat sahələrində əməkdaşlığının daha da dərinləşdirilməsi üçün atılmalı adımlar müzakirə olunacaq», -məlumatda deyilir.
«Sammit münasibətilə yuxarıda göstərilən sahələrdə əməkdaşlığın müqavilə-hüquqi bazasını möhkəmləndirəcək müxtəlif sazişlər imzalanacaq», - relizdə qeyd olunur.
Türkiyə prezidentinin mətbuat xidməti əlavə edib ki, həmçinin sammit çərçivəsində ikitərəfli görüşlər keçiriləcək.
«Avaza» milli turizm zonası Xəzər dənizinin Türkmənistan sahilində yerləşir.
Bundan öncə Türkmənistan, Azərbaycan və Türkiyə prezidentlərinin sammitinin 2021-ci ilin avqustunda keçirilməsi planlaşdırılırdı. Lakin Ərdoğanın xahişi ilə görüş təxirə salınıb. **