Rusiyanın iqtisadi inkişaf nazirinin müavini Dmitri Volvaçın rəhbərlik etdiyi Rusiya nümayəndə heyəti Azərbaycana işgüzar səfər edib.
"İnterfaks-Azərbaycan"ın İqtisadi İnkişaf Nazirliyinə istinadən verdiyi məlumata görə, Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevlə görüşdə tərəflər Rusiya və Azərbaycanda biznesin aparılması məsələləri üzrə silsilə tanışlıq seminarlarının keçirilməsi layihəsini, iki dövlətin ən yaxşı investisiya təcrübələrinin mübadiləsini, Rusiya-Azərbaycan sərhədində "Yaraq-Kazmalyar -Samur" avtomobil keçid məntəqəsinin ötürülmə qabiliyyətinin genişləndirilməsini müzakirə ediblər.
Bundan əlavə, tərəflər iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın işi çərçivəsində əldə olunan razılaşmaların icrası məsələsində “saatları tutuşdurublar».
"Ticarət-iqtisadi əməkdaşlıq, maliyyə, nəqliyyat, sənaye, enerji, səhiyyə və əhalinin müdafiəsi, ekoloji təhlükəsizlik, humanitar əməkdaşlıq və iki ölkənin işgüzar dairələrinin qarşılıqlı əlaqələri sahəsində tədbirlərin həyata keçirilməsi üzrə “yol xəritəsi” layihəsinin hazırlanmasını müzakirə etdik. Görüş iştirakçıları ölkələr arasında turizm axınının artdığını qeyd etdilər və yaxın gələcəkdə turizm sahəsində birgə yol xəritəsinin hazırlanmasına başlayacaqları barədə razılığa gəldilər", - məlumatda vurğulanıb.
"2022-ci ilin birinci yarısında Rusiya vətəndaşlarının Azərbaycana səfərlərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 55% artıb. Eyni zamanda Azərbaycandan Rusiyaya turist axını 36% artmışdır. Hazırkı göstəriciləri daha da artırmaq, ölkələrimiz arasında ümumi turizm məkanının yaradılmasına səy göstərmək vacibdir", - məlumatda Volvaçın sözlərindən sitat gətirilir.
İşgüzar səfər çərçivəsində Rusiyanın nümayəndə heyəti Ələt azad iqtisadi zonasını ziyarət ediblər, burada bir sıra məsələləri, o cümlədən Xəzər ölkələrinin nəqliyyat-logistika infrastrukturunun formalaşmasında xüsusi iqtisadi zonaların səlahiyyətlərindən istifadə məsələsini müzakirə ediblər. **
R.Əhmədov