2022-ci il noyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,5% artaraq 827,9 manat (cari məzənnə ilə $487- İF-Az) olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2022-ci il noyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 27,2 min nəfər və ya 1,6% artaraq 1 milyon 729,3 min nəfər olub, onlardan 900,4 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 828,9 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Muzdla işləyənlərin 19,2%-i təhsil, 18,6%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,8%-i sənaye, 8,2%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,3%-i tikinti, 6,5%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3%-i nəqliyyat və anbar təsərrüfatı, 3,6%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,5%-i peşə, elmi və texniki fəaliyyət, 2%-i maliyyə və sığorta fəaliyyəti, 14%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.**
X.Nəsirzadə