Çərşənbə axşamı Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşü ərəfəsində üç dövlətin aidiyyəti strukturlarının rəhbərləri nəqliyyat sahəsində dövlətlərarası əməkdaşlığın inkişafına dair aktual məsələləri müzakirə ediblər.
“Görüşün gündəliyinə dəniz, avtomobil və dəmir yolu ilə sərnişin və yük daşımalarının müasir infrastrukturunun yaradılması istiqamətində qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi məsələləri çıxarılıb”, - “İnterfaks-Azərbaycan» Türkmənistan prezidentinin saytına istinadən məlumat verir.
Üç ölkə nəqliyyat sahəsində böyük potensiala malikdir və davamlı iqtisadi artımı qorumaq, üç dövlət xalqlarının rifahını artırmaq və beynəlxalq ticarət əlaqələrini möhkəmləndirmək məqsədilə onu birgə həyata keçirməyə çalışırlar.
"Dəmir yolu nəqliyyatının inkişafı üzrə birgə tədbirlərin görülməsi, dəmir yolu nəqliyyatı ilə daşınmanın həyata keçirilməsi zamanı rəqabətli tariflərin və şəraitin yaradılması ilə bağlı saziş layihəsinin hazırlanması məsələləri danışıqların ayrıca mövzusu olub. Görüşün əsas mövzularından biri avtomobil daşıyıcıları üçün uyğunlaşdırma və əlverişli şəraitin yaradılmasıdır. Bununla əlaqədar vizaların verilməsi mexanizmlərinin hazırlanması imkanları nəzərdən keçirilib", - məlumatda vurğulanır.
Bundan başqa, dəmir yol, avtomobil və dəniz nəqliyyatı ilə konteyner daşımalarının inkişafı üçün üç ölkənin müvafiq strukturlarının vahid konteyner daşıması mexanizmlərinin hazırlanmasında və əlverişli tarif şəraitinin yaradılmasında qarşılıqlı əlaqələr müzakirə edilib. **
R.Əhmədov