OPEC 2022-ci ildə Azərbaycanda maye karbohidrogen hasilatında 2021-ci illə müqayisədə gündəlik 27 min barel azalma, 2023-cü il üçün gündəlik 59 min barel artım proqnozlaşdırır. Bu barədə təşkilatın aylıq hesabatında deyilir.
“İnterfaks-Azərbaycan” OPEC-in məlumatına istinadən xəbər verir ki, belə proqnoz 2022-ci ilin üçüncü rübündə hasilatın 21 min barel azalması istiqamətində yenidən baxılması və cari ilin 4-cü rübündə əsas neft yataqlarında hasilatın səviyyəsinin gözləniləndən daha aşağı olması ilə əlaqədardır.
Ümumilikdə, 2022-ci ilin yekunları üzrə Azərbaycanda maye karbohidrogen hasilatı gündəlik 0,7 milyon barel təşkil edəcək.
“Köhnə yataqlarda əsas azalmanın qaz hasilatının gücünü artıran “Şahdəniz” kimi digər yataqlarda hasilatın artımı ilə kompensasiya olunacağı gözlənilir”, - OPEC qeyd edir.
OPEC-in qiymətləndirmələrinə əsasən, 2023-cü ildə Azərbaycanda maye karbohidrogen hasilatında 59 min barel artım (0,8 milyon barelədək) “Şahdəniz” qaz yatağında hasilatın artımı, “Abşeron” yatağında qaz hasilatına başlanması ilə şərtlənəcək. 2023-cü ildə “Azəri-Mərkəzi-Şərqi” neft layihəsi istifadəyə verildikdən sonra istehsal daha da arta bilər. **
N.Abbasova