2022-ci ilin yanvar-noyabr ayları ərzində “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan neft hasilatı 18,7 milyon ton təşkil edib. Bu barədə Energetika Nazirliyindən məlumat verilib.
Operativ məlumatlara əsasən, 2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda neft hasilatı 29,8 milyon ton təşkil edib. Həmçinin, AÇG blokundan 18,7 milyon ton neft hasil olunub, bu da ölkədə hasilatın ümumi həcminin 62,75%-ni təşkil edir.
Xəbər verildiyi kimi, 2021-ci ilin yanvar-noyabr aylarında AÇG blokundan 20,6 milyon ton neft hasil olunub. Beləliklə, 2022-ci ilin 11 ayı ərzində blokda hasilat 9,2% azalıb.
Nazirliyin məlumatına görə, hesabat dövründə AÇG blokundan 12,2 milyard kubmetr səmt qazı (artım 0,8%- -İF) hasil olunub. Bu, ölkədə 42,5 milyard kubmetr həcmində ümumi qaz hasilatının 28,7%-ni təşkil edib.
Nazirlikdən qeyd ediblər ki, işlənilməsinə başlanandan 1 dekabr 2022-ci il tarixinədək AÇG blokundan 565,2 milyon ton neft hasil olunub.
AÇG blokundan neft və səmt qazı hasilatına 1997-ci ilin noyabr ayında başlanılıb. Müqavilə üzrə BP (Britaniya - layihənin operatoru) 30,37%, SOCAR 25%, MOL (Macarıstan) 9,57%, “ExxonMobil” (Amerika) 6,79%, ONGC (Hindistan) 2,31%, “Inpex Corp.” (Yaponiya) 9,31%, “ITOCHU Oil” (Yaponiya) 3,65%, “Equinor” (Norveç) 7,27%, TPAO (Türkiyə) 5,73% pay sahibidir. **
N.Abbasova