2022-ci ilin yanvar-noyabr aylarında “Şahdəniz” yatağından qaz hasilatı 23 milyard kubmetr təşkil edib.
“Operativ məlumatlara əsasən, 2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda 42,5 milyard kubmetr qaz hasil olunub, bu da ötən ilin analoji dövrünün göstəricisindən 2,8 milyard kubmetr və ya 7% çoxdur. Həmçinin, hesabat dövründə “Şahdəniz” yatağından 23 milyard kubmetr qaz və 4 milyon ton kondensat hasil olunub”, - “İnterfaks-Azərbaycan” Energetika Nazirliyinin məlumatına istinadən xəbər verir.
Nazirliyin məlumatına görə, 2021-ci ilin yanvar-noyabr aylarında “Şahdəniz” yatağından 20,4 milyard kubmetr qaz və 3,8 milyon ton mkondensat hasil edilib. Beləliklə, 2022-ci ilin 11 ayı ərzində “Şahdəniz” yatağından qaz hasilatı 12,7%, kondensat hasilatı – 5,3% artıb.
Nazirlikdən qeyd olunub ki, “Şahdəniz” yatağı istismara veriləndən cari ilin 1 dekabr tarixinədək 180,5 milyard kubmetrə yaxın qaz və 39,8 milyon ton kondensat hasil edilib. Bu dövr ərzində “Şahdəniz” yatağndan 126,1 milyard kubmetr qaz ixrac edilib.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 29,99%), SOCAR (21,02%), LUKOİL (19,99%), NICO (10%) və TPAO (19%) şirkətləridir.
“Şahdəniz” yatağından qaz hasilatına 2006-cı ilin dekabr ayında başlanılıb.**
N.Abbasova