Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması məqsədilə səyləri davam etdirəcək. Bu barədə Aİ-nin Bakıdakı səfiri Peter Mixalko bəyan edib.
“Aİ Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üzrə səyləri davam etdirəcək. Bu, bizim qarşımızda duran hədəfdir. Ümid edirəm ki, sonunda bu məsələdə uğurun əldə olunmasının şahidi olacağıq”, - Mixalko bu gün mətbuat konfransında bildirib.
Həmçinin, o vurğulayıb ki, Aİ vasitəçilik prosesinin rəqabət kimi qiymətləndirilməsini istəmir.
“Bu prosesdə şəxsən Şarl Mişel (Aİ Şurasının prezidenti) və Toivo Klaar (Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi) iştirak edirlər. Eyni zamanda, istərdik ki, bu prosesdə iştirak edən və qoşulan tərəflər son nəticənin əldə olunmasında dəstək göstərsinlər”, - Mixalko qeyd edib. **
B.Rüstəmbəyov