2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan əhalisinin sayı 54 min 452 nəfər və ya 0,5% artaraq 2022-ci il noyabrın 1-nə 10 milyon 210,818 min nəfər təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Əhalinin 52,9%-i şəhər, 47,1%-i isə kənd sakinləridir. Əhalinin 50%-ni kişilər, 50%-ni qadınlar təşkil edir.
Yanvar-oktyabr aylarında ölkə üzrə 103 min 502 doğulan körpə (+12,3%) qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 12,3 təşkil edib. Doğulan uşaqlar arasında oğlanların xüsusi çəkisi 52,8%, qızların xüsusi çəkisi isə 47,2% olub. Körpələrin 2,892 mini əkiz, 135-i üçəm, 8-i dördəmdir.
Bu dövrdə 50 min 457 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölənlərin sayı 6 təşkil edib. 2021-ci ilin yanvar-oktyabr aylarında bu göstərici 7,4 olub.
Cari ilin yanvar-oktyabr aylarında ölkədə qeydiyyat şöbələri tərəfindən 51,87 min nikah (2021-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə artım 12,5%) və 13,139 min boşanma halı (azalma 8,2%) qeydə alınıb.**
X.Nəsirzadə