2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda 10 milyard 383,8 milyon manat dəyərində ($6,108 milyard) kənd təsərrüfatı məhsulları istehsal edilib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 3,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Hesabat dövründə 4 milyard 952,5 milyon manat məbləğində heyvandarlıq, 5 milyard 431,3 milyon manat məbləğində bitkiçilik məhsulları istehsal edilib. Heyvandarlıq məhsullarının istehsal həcmi 3,3%, bitkiçilik məhsullarının istehsal həcmi 3,4% artıb.
11 ay ərzində respublikada 522 min ton ət (artım 2,9%), 2 milyon 36,3 min ton süd (artım 1,9%), 1 milyard 821,5 milyon ədəd yumurta (artım 8%), 15,6 min ton yun (azalma 2,3%) və 341,4 ton barama (azalma 31,4%) istehsal edilib.
DSK-nın məlumatına görə, hazırda ölkədə ASK məhsullarının yığımı başa çatır.
Yanvar-noyabr aylarında kənd təsərrüfatı subyektləri tərəfindən 2 milyon 884,1 min ton dənli və dənli paxlalı bitkiçilik məhsulları (qarğıdalısız, azalma 6,2%), 1 milyon 52,3 min ton kartof (artım 1.3%), 1 milyon 810,2 min ton tərəvəz (artım 1,2%), 468,7 min ton bostan bitkiləri (artım 1,9%), 1 milyon 248,4 min ton meyvə və giləmeyvə (artım 4,6%), 211.7 min ton üzüm (artım 3,3%), 1,001 min ton yaşıl çay yarpağı (azalma 14,8%), 28,9 min ton günəbaxan (artım 12,2%), 203,7 min ton şəkər çuğunduru (artım 8,7%), 299,1 min ton pambıq (artı 10,1%) və 4,3 min ton tütün (azalma 32,3%) yığılıb.
Bundan başqa, 30,5 min hektar qarğıdalı sahəsindən 248,7 min ton məhsul toplanıb.
Statistik məlumatlara əsasən, 2023-cü ilin məhsuluna müvafiq işlər çərçivəsində 1 milyon 83 min hektar sahədə torpaq sahələri şumlanıb. Həmçinin, 871,1 min hektar taxıl əkilib, bunun 540,2 min hektarı buğda, 330,8 min hektarı arpa, 0,1 min hektarı çovadrın payına düşüb.
2021-ci ildə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal həcmi 3,4% artıb.**
X.Nəsirzadə