Bakı tələbat yaranacağı halda Azərbaycanın Qarabağ regionunun erməni əhalisinə hərtərəfli kömək etməyə hazırdır. Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bəyan edib.
“Qarabağ ermənilərinin nə ərzaq, nə də tibbi ləvazimatla əlaqədar heç bir problemləri yoxdur. Lakin tələb olunarsa, Azərbaycan tərəfi humanitar məsələlər üzrə istənilən köməyi göstərnəyə hazırdır”, - Bayramov cümə axşamı jurnalistlərə bildirib.
Eyni zamanda, o vurğulayıb ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Qarabağ regionunun ərazilərində təbii qaz təchizatı ilə bağlı problemlərin səbəbkarı Azərbaycan deyil. Hava şəraiti sərt keçən dağlıq ərazilərdə də bəzən bu cür problem yaşanır. Əgər yerli (erməni - İF) əhali ilə Azərbaycanın dövlət qurumları arasında əlaqə olsa idi, məsələ vaxtında həll olunardı. İndi onlar dramatizmi artırmaq üçün Azərbaycan tərəfi ilə ünsiyyətdən yayınırlar. Buna (təmaslara - İF) yerli erməni əhalisinin arxasında duran şəxslər dramatizmin artması, vəziyyətin gərginliyinin gücləndirilməsi, süni problem yaratmaq məqsədilə qarşı çıxırlar", - o qeyd edib.
Bayramov əlavə edib ki, Azərbaycan tərəfi Laçın yolunu bağlamayıb. “Son günlər həm Ermənistanda, həm də digər ölkələrdə Azərbaycana qarşı qarayaxma kampaniyaları həyata keçirilir. Xüsusilə, Qarabağ regionunda ekofəalların hərərkətlərinin humanira böhrana gətirdiyinə dair məlumatlar səsləndirilir ki, bu qəti şəkildə həqiqətə uyğun deyil.Laçın yolunun bağlanmasından söhbət belə gedə bilməz. Aksiyanın məqsədi Qarabağda qanunsuz fəaliyyətin qarşısını almaqdır”, - Azərbaycan XİN başçısı vurğulayıb.
Nazir bildirib ki, dünən Rusiya sülhməramlı kontingent həmin yoldan istifadə etdi. “Fəallar bizim yol polisinin nümayəndələri ilə birlikdə bunun üçün şərait yaratdılar. Fəallar sosial mediadan istifadə edərək bu ərazidə yaşayan insanlara müraciət edərək istənilən humanitar yardım göstərməyə hazır olduqlarını bəyan ediblər”, - Bayramov deyib. **
X.Nəsirzadə