2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi $3 milyard 264 milyon 444,67 min təşkil edib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 22,9% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Bu dövrdə Azərbaycanın bütün xarici ticarət dövriyyəsinin 6,63%-i Rusiya ilə ticarət əməliyyatlarının payına düşüb.
Azərbaycan Rusiyaya $859 milyon 324,08 min dəyərində (artım 7,1%) məhsul ixrac edib. Bütövlükdə, Azərbaycandan ixracın 2,36%-i Rusiyanın payına düşüb. 11 ayın yekunları üzrə Rusiya Azərbaycan məhsullarının ixrac olunduğu ölkələr arasında 7-ci yerdədir.
Yanvar-noyabr aylarında Rusiyadan Azərbaycana idxalın həcmi $2 milyard 405 milyon 120,59 min (artım 29,7%) təşkil edib. Azərbaycana idxalın ümumi həcmində 18,67% Rusiyadan idxalın payına düşüb. 11 ayın yekunları üzrə Rusiya Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkələr sırasında 1-ci mövqeyini qoruyub.
Beləliklə, bu dövrdə RF ilə idxal-ixrac münasibətlərində Azərbaycanın mənfi saldosu $1 milyard 545 milyon 796,51 min təşkil edib.
2021-ci ilin yekunları üzrə Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi $2 milyard 995 milyon 131,31 min təşkil edib ki, bu da 2020-ci ilin göstəricisindən 12,1% çoxdur.**
B.Rüstəmbəyov