Cümə günü Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən sərhəddə Azərbaycan Ordusunun mövqelərini yenidən atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyi məlumat verir.
“Dekabrın 16-sı saat 17:20-dən 18:15-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonunun Qoturbulaq və Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Gədəbəy rayonunun Göyəlli və Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub”, - nazirliyin məlumatında deyilir.
Bundan başqa, MN-nin məlumatına görə, dekabrın 16-sı saat 16:05-dən 18:00-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocavənd rayonu istiqamətində yerləşən mövqeləri də müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutulub.
“Ordumuzun bu istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb”, - nazirlikdən bildirilir.
Öncə cümə günü Azərbaycan Müdafiə Nazirliyi artıq bəyan edib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri və Qarabağ iqtisadi rayonunda yerləşən qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub. **
R.Əhmədov