İqtisadiyyat naziri Mikayıl Cabbarov Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevlə görüşüb.
“Görüş əsnasında qeyd olunub ki, Təşkilata üzv dövlətlər tərəfindən irəli sürülən təşəbbüslər ticarət, enerji, investisiya, rəqəmsallaşma və s. sahələrdə müasir çağırışlara cavab verilməsinə yönəlib ki, bu da ölkələrimizin dayanıqlı iqtisadi inkişafı ilə yanaşı, regional əməkdaşlığın gücləndirilməsinə töhfə verir. Bu kontekstdə, Türk İnvestisiya Fondunun və Türk Ticarət evlərinin yaradılması, ticarət prosedurlarının sadələşdirilməsi, rəqəmsal iqtisadiyyatın inkişafı, sərmayələrin artırılması tərəfdaşlığın genişləndirilməsində əsas istiqamətlərdəndir”, - İqtisadiyyat Nazirliyi məlumat verir.
Ömüralıyev öz növbəsində Təşkilata üzv dövlətlər arasında əməkdaşlığın inkişafı barədə fikirlərini bölüşüb.
Tərəflər görüşdə bildiriblər ki, üzv ölkələr arasında elektron ticarətin geniş tətbiqi, dəyər zəncirlərinin möhkəmlənməsi və rəqabətqabiliyyətlilik prinsiplərinə əsaslanan birgə layihələrin icrasına diqqət artırılmalıdır.
Görüşdə Türk Dövlətləri Təşkilatı çərçivəsində iqtisadi tərəfdaşlığın möhkəmləndirilməsi istiqamətində qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib. **
V.Əliyev