Azərbaycan Müdafiə Nazirliyinin məlumatına əsasən, cümə günü Ermənistan silahlı qüvvələri tərəfindən iki dövlətin sərhədində yerləşən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.
“Dekabrın 16-sı saat 23:35-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub”, - məlumatda deyilir.
Bundan başqa, MN-dən əlavə olunub ki, dekabrın 17-si saat 09:05-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Laçın rayonunun Nağdalı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri də atıcı silahlardan atəşə tutulub.
Nazirlikdən bildirilir ki, qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən “adekvat cavab tədbirləri görülüb”. **
R.Kərimov