Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen Azərbaycanın Avropaya elektrik enerjisi tədarük edəcəyi Qara dəniz vasitəsilə sualtı elektrik kabelinin çəkilməsi layihəsini ambisiyalı hesab edir.
“Yalnız bunu deyə bilərəm: necə də ambisiyalı layihədir. O, bizi Qara dənizin hər iki tərəfində birləşdirəcək və Xəzər dənizinə doğru gedəcək – həm rəqəmsal rabitə, həm də energetika üçün”, - Fon der Lyayen şənbə günü Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanma mərasimində bildirib. Fon der Lyayenin çıxışının mətni AK-nın saytında dərc olunub.
Onun sözlərinə görə, razılaşmaların reallaşdırılması Avropa İttifaqına (Aİ) bərpa olunan enerji mənbələrindən elektrik enerjisinin Rumıniya və Macarıstan vasitəsilə Aİ-yə ötürülməsi hesabına tədarükün təhlükəsizliyini gücləndirməyə kömək edəcək.
AK prezidentinin fikrincə, saziş Aİ-ni Cənubi Qafqazdakı tərəfdaşlarla yaxınlaşdıracaq və hər iki regiona enerji keçidini həyata keçirməyə yardım edəcək. **
İnformasiya şöbəsi