Dekabrın 19-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Meksika Birləşmiş Ştatlarının ölkəmizə yeni təyin olunmuş səfiri Mariya Viktoriya Romero Kabalyero ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, C.Bayramov səfirin etimadnaməsinin surətini qəbul edib.
“Görüşdə iki ölkə arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran məsələlər, habelə bölgədə cari vəziyyət ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər Azərbaycan və Meksika arasında müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, ticarət, investisiya, turizm, təhsil, idman və s. sahələrində geniş əməkdaşlıq perspektivlərinin mövcudluğunu məmnunluqla qeyd ediblər”, - deyə məlumatda bildirilir.
Kabalyero iki ölkə arasında münasibətlərin daha da inkişafı üçün səy göstərəcəyini ifadə edib.
“Görüşdə Azərbaycan və Meksikada fəaliyyət göstərən beyin mərkəzləri arasında əməkdaşlığın genişləndirilməsi üçün iş aparıldığı diqqətə çatdırılıb. Həmçinin çoxtərəfli platformalar, o cümlədən Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə edilib”, - deyə məlumatda qeyd olunur.*
N.Abbasova