Avropa İttifaqı (Aİ) Cənubi Qafqazda davamlı sülhə töhfə vermək məqsədilə Ermənistanda uzunmüddətli missiya yerləşdirməyi planlaşdırır. Bunu Aİ-nin Xarici Siyasət və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell deyib.
“40 ekspertin monitorinq üçün Ermənistana yerləşdirilməsi səmərəli oldu və etimadın yaradılmasına töhfə verdi. Bu gün biz Avropa İttifaqının Cənubi Qafqazda iştirakının yeni mərhələsinə keçid qrupu ilə başlayırıq və bu, son məqsədi regionda davamlı sülhü təşviq etmək olan Aİ-nin Ermənistanda mümkün uzunmüddətli missiyasına zəmin yaradacaq”, - deyə C.Borrell bildirib.
Oktyabrda Ermənistana göndərilmiş Aİ-nin monitorinq missiyasının mandatı bu gün başa çatıb. Ermənistan, Azərbaycan, Avropa Şurası və Fransa liderləri arasında əldə edilmiş razılaşmaya əsasən, monitorinq missiyası oktyabrın 20-də sərhəddə vəziyyətin monitorinqi və təhlili məqsədilə Azərbaycanla beynəlxalq sərhədin Ermənistan tərəfi boyunca yerləşdirilib.
Həmçinin bildirilir ki, Aİ Şurası Ermənistan hökuməti ilə razılaşaraq qərara gəlib ki, Aİ-nin Gürcüstandakı monitorinq missiyası Brüsselin təhlükəsizlik vəziyyəti barədə məlumatlılığını artırmaq və yeni missiyanın planlaşdırılması və hazırlanmasına töhfə vermək üçün Ermənistana müvəqqəti planlaşdırma yardım qrupu göndərsin.*
R.Əhmədov