Bakı və Belqrad nəqliyyat-logistika, müdafiə sənayesi sahələrində əməkdaşlıq üçün böyük potensiala malikdir. Bunu Prezident İlham Əliyev deyib.
“Nəqliyyat-logistika sahəsində böyük potensial var. Xüsusilə nəzərə alsaq ki, Azərbaycan və Serbiya ərazilərindən beynəlxalq nəqliyyat dəhlizləri keçir, burada da uzlaşma və bağlantının yaradılması üçün bizim müvafiq qurumlar fəal işləməlidir. Aidiyyəti qurumlar arasında təmaslar artıq yaranıbdır”, - deyə dövlət başçısı dekabrın 21-də təkbətək görüş başa çatdıqdan sonra Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçlə mətbuata bəyanatla çıxışı zamanı bildirib.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, İ.Əliyev Azərbaycan və Serbiya arasında münasibətlərin inkişafının bütün sahələrdə, ilk növbədə, ticarət sahəsində nəticəsi olacağına ümidvar olduğunu deyib. “Əminəm ki, əldə edilmiş razılaşmaların icrası nəticəsində ticarət dövriyyəsi artacaq, hələ ki, o, istənilən səviyyədə deyil”, - deyə prezident vurğulayıb.
O, iki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlığa da toxunub. “Serbiyada səfərdə olarkən (2022-ci ilin noyabrında – İF) biz, eyni zamanda, müdafiə sənayesi sahəsi ilə bağlı müvafiq göstərişlər verdik. Bu sahədə də hər iki ölkədə potensial var və bu potensialın birləşdirilməsi üçün praktiki addımların atılması da gözlənilir”, - deyə İ.Əliyev əlavə edib.*
B.Rüstəmbəyov