Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Belqrad və Bakı arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişafı üçün böyük potensial görür.
“Hesab edirəm ki, biz eyni dərəcədə mühüm olan, bəlkə də daha mühüm olan bəzi yeni əməkdaşlıq sahələri açırıq. Söhbət bizim ümumi fəaliyyətimizdən, müdafiə sənayesində texnologiya mübadiləsindən və üçüncü ölkələrin bazarlarına birlikdə çıxara biləcəyimiz bəzi məhsullar üzərində aparılan işdən gedir. Çünki hesab edirəm ki, əgər buna birgə yanaşmamız olsa, Serbiya və Azərbaycan olaraq bizim böyük potensialımız var”, - deyə o, bu gün Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə mətbuata bəyanatla çıxışı zamanı bildirib.
Vuçiç qeyd edib ki, Serbiya nümayəndə heyəti tez-tez Azərbaycana gələcək, eynilə Azərbaycan nümayəndə heyəti bir neçə günə Belqrada səfər edəcək.
O əlavə edib ki, Azərbaycanın müdafiə sənayesi naziri Mədət Quliyevlə çox məhsuldar müzakirələri olub.
“Hesab edirəm ki, müdafiə sektorunun nümayəndələri ilə biz silahlı qüvvələrin fəaliyyətinə dair, habelə silahlı qüvvələrin strukturu ilə bağlı Azərbaycandan çox şey öyrəndik. Biz çox məsələlərlə bağlı məlumat mübadiləsinə hazırıq. Biz müəyyən yaxşı sursat, silah istehsal edirik. Biz hər şeyi birlikdə müasirləşdirməyin yollarını nəzərdən keçirməyə və özümüzü təmin etmək üçün dünya ilə ayaqlaşmağa hazırıq. Çünki bu çətin dövrdə gördük ki, böyük ölkələr qısa zamanda necə bu qədər güc itirə bilərlər, sanksiyaların təsiri, məhvedici təsiri ola bilər. Biz çox da dinc olmayacaq gələcəkdə ölkələrimizi qorumağa və təhlükəsizliyini təmin etməyə hazır olmalıyıq”, - deyə Serbiya Prezidenti vurğulayıb.*
Xəbərlər şöbəsi