Belarus və Tacikistan prezidentləri, Dağıstan rəhbəri və RF-nin Həştərxan vilayətinin qubernatoru Azərbaycan prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik ediblər.
Belarus prezidenti Aleksandr Lukaşenko təbrik məktubunda qeyd edib ki, “Azərbaycan Sizin bacarıqlı və qətiyyətli rəhbərliyiniz sayəsində regionda və möhkəmlənməkdə olan türk dünyasında getdikcə daha mühüm rol oynayır”. “Belarusun da iştirakçısı olduğu Qoşulmama Hərəkatında uğurlu sədrlik Bakıya beynəlxalq nüfuz və dərin hörmət qazandırıb. Aramızda dostluq və etimad əsasında yaranmış şəxsi münasibətləri, konstruktiv ünsiyyəti və hər ikimizin sıx qarşılıqlı faydalı əməkdaşlığa can atmağımızı yüksək dəyərləndirirəm”, - Lukaşenko vurğulayıb.
Tacikistan prezidenti Emoməli Rəhmon qeyd edib ki, Tacikistanla Azərbaycan arasında əməkdaşlıq münasibətlərinin ardıcıl olaraq möhkəmlənməsi məsələlərinə Əliyevin daimi diqqətini yüksək qiymətləndirir. O, həmçinin iki ölkə arasında ikitərəfli və beynəlxalq gündəliyin aktual məsələlərinə dair sıx birgə işimizi və dövlətlərarası konstruktiv dialoqu davam etdirməyə daim hazır olduğunu təsdiq edib.
“Sizi bütün dünyada görkəmli siyasi lider və diplomat, müdrik, uzaqgörən və vətənpərvər dövlət xadimi kimi tanıyırlar. Siz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin yolunu layiqincə davam etdirərək ölkə həyatının bütün sahələrində dərin dəyişikliklər aparmış, ictimai sabitliyi, respublikanın qarşıdakı illər üçün dinamik və mütərəqqi inkişafını təmin etmisiniz. Fəxr edirəm ki, Dağıstanın rəhbəri qismində ilk xarici səfərimi məhz qardaş Azərbaycan Respublikasına etmişəm”, - Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov qeyd edib.
O, həmçinin inanır ki, ortaq səylərlə Dağıstan və Azərbaycan xalqları arasında dialoqun daha da genişlənməsinə və qarşılıqlı hörmətin artmasına şərait yaradacaq.
Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin öz təbrik məktubunda qeyd edib: “Azərbaycan Respublikası Sizin rəhbərliyinizlə sosial-iqtisadi inkişaf yolunda inamla irəliləyir, dünya arenasında beynəlxalq məsələlərdə haqlı olaraq yüksək nüfuz sahibi kimi mühüm rol oynayır”.
Babuşkin Azərbaycan ilə Həştərxan vilayətinin çoxşaxəli əlaqələrinin möhkəmləndirilməsinə və təkmilləşdirilməsinə hərtərəfli köməyinizə görə Əliyevə təşəkkür edib və yaranmış konstruktiv dialoq ikitərəfli qarşılıqlı əlaqələrin bundan sonra da dərinləşməsinə kömək edəcəyinə əminlik ifadə edib.
Dekabrın 24-də prezident İlham Əliyev 61 yaşını qeyd edəcək. **
X.Nəsirzadə