Azərbaycanın Sofiyadakı səfiri Hüseyn Hüseynov Bolqarıstanın xarici işlər nazirinin müavini Kostadin Kodjabaşevlə Bolqarıstan XİN-də görüşüb, görüş zamanı Laçın yolunda vəziyyətlə əlaqədar son hadisələrə dair Bakının mövqeyini təqdim edib.
Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi Bolqarıstan XİN-ə istinadən məlumat verir.
“Bu gün (çərşənbə günü – İF-Az) Kodjabaşev Xarici İşlər Nazirliyində Azərbaycanın Bolqarıstandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Hüseynovu qəbul edib. Söhbətin məqsədi “Laçın dəhlizi» ətrafındakı vəziyyətdə son hadisələrlə bağlı Azərbaycanın mövqeyini təqdim etmək idi”, - məlumatda deyilir
Kodjabaşev bəyan edib ki, Bolqarıstan həm Azərbaycanla, həm də Ermənistanla ənənəvi olaraq dostluq və tərəfdaşlıq əlaqələri dəstəkləyir, Bakı ilə İrəvan arasında ikitərəfli məsələlərdə heç kəsin tərəfini tutmur.
O qeyd edib ki, Bolqarıstan Cənubi Qafqazda və daha geniş Qara dəniz regionunda strateji tərəfdaş kimi Azərbaycanla münasibətlərə, xüsusən də enerjinin şaxələndirilməsi kontekstində önəm verir.
Bolqarıstan XİN-ə əsasən, həmsöhbətlər Sofiya ilə Bakı arasında yüksək və ali səviyyədə «intensiv siyasi dialoqu” müzakirə ediblər.
«Hər iki tərəf mövcud intensiv siyasi dialoqun davam etdirilməsi barədə razılığa gəldilər və iki ölkə arasında nəqliyyat əlaqələrinin dərinləşməsi imkanlarını, həmçinin enerji sahəsində əməkdaşlığın inkişaf perspektivlərini müzakirə etdilər», - məlumatda deyilir.
Görüşün Azərbaycan tərəfinin təşəbbüsü ilə keçirildiyi dəqiqləşdirilib. **
R.Kərimov