Cümə axşamı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı əsnasında bölgədə və Laçın yolu ətrafında cari vəziyyət, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər müzakirə olunub.
Azərbaycan XİN-in məlumatına əsasən, Bayramov Azərbaycan tərəfinin Laçın yolunda öhdəliklərə uyğun olaraq vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verdiyini və Beynəlxalq Qızıl Xaç Komitəsinin, erməni təcili tibbi yardım maşınlarının, sülhməramlı kontingentin avtomobillərinin və digər nəqliyyat vasitələrinin hərəkəti barədə videolardan göründüyü kimi yolun açıq olduğunu diqqətə çatdırıb.
O vurğulayıb ki, azərbaycanlı ekoaktivistlərin etiraz aksiyasının Azərbaycan ərazilərində ermənilərin qeyri-qanuni iqtisadi fəaliyyətinə qarşı həyata keçirilir. Bundan əlavə, aksiya iştirakçıları regionda Ermənistanın hərbi təxribatların qarşısının alınmasını tələb edirlər.
Söhbət zamanı qeyd edilib ki, Laçın yolundan humanitar məqsədlə istifadə edilməsinə bütün şəraitin yaradılmasına baxmayaraq, Ermənistan tərəfinin və Azərbaycan ərazilərində (Qarabağ regionunda - İF) erməni sakinlərin “nümayəndələri” kimi özlərini təqdim edən şəxslərin əhalini yoldan istifadədən çəkindirməsinin və bununla “süni şəkildə guya humanitar vəziyyətdə pisləşmə təəssüratı yaratmasının qəbuledilməz olduğu” bildirilib.
“Telefon danışığı zamanı, həmçinin iki dövlət arasında əməkdaşlıq gündəliyinin aktual məsələləri və qarşılıqlı maraq doğuran digər sahələr ətrafında fikir mübadiləsi aparılıb”, - XİN-dən vurğulanır. **
B.Rüstəmbəyov