Moldova prezidenti Maya Sandu Azərbaycan prezidentiİlham Əliyevi doğum günü münasibətilə təbrik edib və Azərbaycan liderini Kişineuya səfərə dəvət edib.
“Doğum gününüz münasibətilə səmimi təbriklərimi, cansağlığı və firavanlıq arzularımı qəbul edin. Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında qarşılıqlı etimada və hörmətə əsaslanan dostluq və əməkdaşlıq münasibətlərinin xüsusi xarakterini qeyd edirəm”, - Sandunun Azərbaycanın dövlət başçısının saytında dərc olunan təbrik məktubunda deyilir.
O, iki ölkə arasında tərəfdaşlıq əlaqələri xüsusilə enerji, ticarət, kənd təsərrüfatı və mədəniyyət sahələrində bundan sonra da birgə səylərlə inkişaf edəcəyinə əminlik ifadə edir.
“Həmçinin Azərbaycan Respublikasının mənim ölkəmə göstərdiyi köməyə görə minnətdarlığımı və dərin təşəkkürümü bildirmək istəyirəm. Mən ölkələrimiz arasında siyasi dialoqun genişlənməsini yüksək qiymətləndirirəm və Moldova Respublikasına səfəriniz zamanı Sizi salamlamaqdan şərəf duyacağam”, - Sandu vurğulayıb.
Dekabrın 24-də prezident İlham Əliyev 61 yaşını qeyd edəcək. **
X.Nəsirzadə