30 noyabr 2022-ci il tarixinə Azərbaycanın bank sisteminin ümumi aktivləri 45 milyard 490,2 milyon manat məbləğində qiymətləndirilir. “İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, bu barədə Mərkəzi Bankın məlumatında deyilir.
Xəbər verildiyi kimi, 31 dekabr 2021-ci il tarixinə bankların aktivləri 38 milyard 462,2 milyon manat məbləğində olub. Beləliklə, yanvar-noyabr aylarında bankların aktivləri 18,3% artıb.
Noyabrda bankların aktivləri 1,9% və ya 829,5 milyon manat artıb.
Noyabrın sonuna bankların kredit portfeli 19 milyard 674,2 milyon manat (2021-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 18,1% - İF) təşkil edir.
Bankların ümumi kapitallaşması 5 milyard 519,9 milyon manat (artım 11,1%) təşkil edir.
Bankların öhdəlikləri 39 milyard 970,3 milyon manata (artım 19,3%) bərabərdir. Bankların Mərkəzi Bank qarşısında öhdəlikləri 222,4 milyon manat məbləğində (azalma 30,3%) qiymətləndirilir. Banklarda depozit portfeli 32 milyard 860,9 milyon manat (artım 22%), o cümlədən əhalinin əmanətləri 11 milyard 339,9 milyon manat (artım 25,5%) təşkil edir.
Tənzimləyicinin məlumatına görə, 2022-ci ilin yanvar-noyabr aylarında bankların ümumi xalis mənfəəti 859,4 milyon manat təşkil edib (2021-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə artım 40%).
Hesabat dövründə bankların faiz gəlirləri 2 milyard 470,3 milyon manat (artım 28,8%), o cümlədən verilmiş kreditlər üzrə 1 milyard 993,3 milyon manat (artım 28,7%) təşkil edib.
Bankların qeyri-faiz gəlirləri 1 milyard 77,8 milyon manat məbləğində (artım 38,9%) olub.
Bu dövrdə bankların faiz xərcləri 592,8 milyon manat (artım 20,8%), o cümlədən depozitlər üzrə 412,6 milyon manat (artım 25,3%), qeyri-faiz xərcləri 1 milyard 672,4 milyon manat (artım 30%) təşkil edib.
Yanvar-noyabr aylarının yekunları üzrə bank sektorunun əməliyyat mənfəəti 1 milyard 239,3 milyon manat (artım 40,2%) təşkil edib.
Hesabat dövründə bankların vergi ödənilənədək ümumi mənfəəti 1 milyard 56 milyon manat (artım 43,5%), mənfəət vergisi üzrə ödənişlər 196,6 milyon manat (artım 61,7%) məbləğində qiymətləndirilir.
30 noyabr 2022-ci il tarixinə respublikada 25 bank fəaliyyət göstərir. Bu bankların 11-i xarici kapitallıdır.
Bankların 484 filialı (2021-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 1%) və 94 şöbəsi (2021-ci ilin sonuna 97) var.
Bank sektorunda 22,551 min nəfər (2021-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 10,9%) çalışır.*
X.Nəsirzadə