İrəvanın Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündə iştirakdan imtina etmək üçün diplomatik kanallardan istifadə etməməsi Moskvada təəccüblə qarşılanıb.
“Biz də sizin kimi bu məlumatı mətbuat xidmətindən öyrənmişik. Görüşdə iştirakdan imtina barədə məlumat vermək üçün heç bir diplomatik kanaldan istifadə edilməyib”, - deyə Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirdiyi birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, erməni tərəfinin istifadə etdiyi məlumatlandırma üsulu suallar doğurur.
“Heç bir müqavilə, saziş, xüsusilə də onilliklər boyu davam edən müharibə nəticəsində bağlanan sazişlər dərhal və 100 faiz yerinə yetirilmir, həmişə pozuntuya yol verilir”, - deyə Lavrov qeyd edib.
O vurğulayıb ki, bu cür pozuntularla sülhməramlılar məşğul olmalıdırlar, çünki insidentlər müntəzəm baş verir.
“İstənilən münaqişədə qaçılmaz olan bu insidentlər operativ şəkildə nəzərdən keçirilməlidir, onları həll etməyə çalışmaq lazımdır. Əgər hər dəfə hər hansı bir insidentdən sonra tərəflərdən biri razılaşdırılmış danışıqlar raundundan imtina edərsə, o halda bu hadisələr daha çox və daha uzun müddət davam edəcək. Bu, heç vaxt heç kimə xeyir gətirməyib”, - deyə nazir əlavə edib.
Lavrov əmindir ki, erməni həmkarı Ararat Mirzoyan hətta dünya ictimaiyyətinə nəyisə çatdırmaq istəyirdisə, bu baxımdan çox şey itirib. “Azərbaycan XİN rəhbəri bu gün danışıqlar zamanı Bakının vəziyyətə baxışını ətraflı izah edib. Əgər erməni həmkarımız Mirzoyan razılaşmaya riayət edərək iştirakını təsdiqləsəydi, o da eyni imkana malik olardı və bu halda dünya ictimaiyyəti özü nəticə çıxara bilərdi”, - deyə o vurğulayıb.*