Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.
“Müdafiə sənayesi, müştərək energetika və nəqliyyat layihələrindəki əməkdaşlıqla hər bir sahədə nümayiş etdirdiyimiz sarsılmaz həmrəyliyimizi Cümhuriyyətimizin 100-cü ildönümünü qeyd edəcəyimiz 2023-cü ildə də daha yüksək səviyyələrə çatdıracağımıza bütün səmimiyyətimlə inanıram”, - deyə Azərbaycan Prezidentinin saytında dərc olunmuş təbrikdə bildirilib.
Ərdoğan hesab edir ki, Əliyevin qətiyyətli və uzaqgörən liderliyi ilə qardaş Azərbaycan son illərdə böyük nailiyyətlər əldə edib, beynəlxalq arenada nüfuzunu daha da möhkəmləndirib.
“Xüsusilə Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və abadlaşdırılmasında göstərdiyiniz əzmkarlıq və qətiyyət hər cür təqdirin fövqündədir. Azərbaycanın əmin-amanlığı, rifahı və gələcək nəsillər üçün çəkdiyiniz dəyərli zəhmətiniz bütün Türk dünyası tərəfindən böyük maraq və sevinc hissi ilə izlənir və örnək kimi qəbul edilir. Öz gücünü "Bir millət, iki dövlət" anlayışı ilə xalqlarımız arasındakı qədim qardaşlıq əlaqələrindən alan Türkiyə-Azərbaycan ittifaqı da bu prosesdə regionumuz üçün əvəzsiz təhlükəsizlik, sabitlik və rifah amilinə çevrilmişdir”, - deyə Türkiyə lideri vurğulayıb.*
Xəbərlər şöbəsi