Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Özbəkistanın İnvestisiya və Xarici Ticarət Nazirliyi arasında Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb. Bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında deyilir.
Sənədi iqtisadiyyat naziri Mikayıl Cabbarov və Özbəkistan Respublikası Baş nazirinin müavini, investisiya və xarici ticarət naziri Cəmşid Xocayev imzalayıblar.
İnvestisiya Fondu ikitərəfli iqtisadi əməkdaşlığın möhkəmlənməsinə və genişlənməsinə, kooperasiya əlaqələrinin inkişafına və bu sahədə imkanların effektiv reallaşdırılmasına töhfə verəcək.
Fond, həmçinin ölkələrimiz arasında avtomobil istehsalı, tekstil, ipəkçilik, nəqliyyat-tranzit və s. sahələrdə əməkdaşlığın gücləndirilməsinə əlavə stimul verəcək.
Xəbər verildiyi kimi, Bakı və Daşkənd dəyəri $500 milyondan artıq olan birgə layihələrin həyata keçirilməsi məqsədilə birgə investisiya fondu yaradacaq.*
Xəbərlər şöbəsi