Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 24-də Özbəkistan Respublikasının Baş nazirinin müavini, investisiya və xarici ticarət naziri Cəmşid Xocayevi qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilib.
“Söhbət zamanı nəqliyyat, istehsalat kooperasiyası, energetika, yüngül sənaye, xüsusilə ipəkçilik və pambıqçılıq sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub”, - deyə məlumatda qeyd olunub.
Görüşdə ikitərəfli münasibətlərin inkişafı barədə fikir mübadiləsi aparılıb, ticarət dövriyyəsinin artdığı qeyd olunub, birgə investisiya fondunun yaradılması istiqamətində dövlət başçıları arasında müvafiq razılığa əsasən həyata keçirilən iş barədə danışılıb.
Prezident İlham Əliyev ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafı baxımından 2022-ci ilin də çox uğurla başa çatdığını və 2023-cü ildə də əlaqələrimizin inkişaf dinamikasının saxlanılacağına əminliyini bildirib.
Dövlət başçısı sənaye, kənd təsərrüfatı, hərbi-texniki, nəqliyyat, təhsil və digər sahələrdə əməkdaşlığın gələcək inkişafı üçün yaxşı zəmin yaradıldığını vurğulayıb.*
Xəbərlər şöbəsi