Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistan XİN-in Bakının bölgədə sülh və sabitlikdə maraqlı olmaması və sülh prosesinə maneçilik törətməsi ilə bağlı iddialarını rədd edib, Ermənistanı riyakarlıqda ittiham edib.
“Ermənistan XİN-in Azərbaycan Respublikası Prezidentinin Qərbi Azərbaycan İcması ilə görüşü zamanı səsləndirdiyi fikirləri təhrif edən 24 dekabr 2022-ci il tarixli əsassız bəyanatını qətiyyətlə rədd edirik. Ermənistan XİN-in Azərbaycanın bölgədə sülh və sabitlikdə maraqlı olmadığını, beynəlxalq hüququ pozduğunu iddia etməsi riyakarlıqdan başqa bir şey deyil”, - deyə Azərbaycan XİN-in şərhində bildirilib.
Qeyd olunub ki, Azərbaycan ərazilərinin 30 il ərzində Ermənistan tərəfindən işğal edilməsinə, yüz minlərlə əhalinin ərazilərimizdən qovulmasına və kütləvi qırğınlar törədilməsinə baxmayaraq, Azərbaycan tərəfi 25 il ərzində Ermənistanla münaqişənin danışıqlar və dinc yolla həll edilməsi istiqamətində danışıqlar prosesinə sadiq qalıb. 44 günlük Vətən müharibəsində tam qalibiyyətə və ərazilərin işğaldan azad olunmasına baxmayaraq, Ermənistanla sülh müqaviləsinin imzalanması təklifini də məhz Azərbaycan tərəfi irəli sürüb.
Azərbaycanın Praqa və Soçi razılaşmalarını pozması, sülh prosesinə maneçilik törətməsi fikri də eynilə əsassızdır. Qeyd edək ki, Praqa və Soçi razılaşmalarında bütün problemli məsələləri suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə və həll etmək barədə razılığa baxmayaraq, məhz Ermənistan tərəfi Azərbaycana qarşı ərazi iddialarından əl çəkməməklə yanaşı, Laçın yolu ətrafında yaranmış vəziyyətdən göründüyü kimi Azərbaycanın suverenliyinə qarşı müdaxilələrini davam etdirir. Bununla yanaşı, məhz Ermənistan tərəfinin dekabr ayında Brüsseldə liderlər arasında görüşə maneçilik törədən şərtlər irəli sürməsi, o cümlədən xarici işlər nazirlərinin 23 dekabr tarixli Moskva görüşünə getməkdən imtina etməsi sülh prosesinə hansı tərəfin maneçilik törətdiyini açıq-aşkar nümayiş etdirir.
“Azərbaycan tərəfinin Ermənistanla delimitasiya olunmamış sərhəd istiqamətində daha əlverişli mövqelərə sahiblənməsinin guya Azərbaycanın Ermənistanın hər hansı bir ərazisini işğal etməsi kimi qiymətləndirilməsi təəccüb doğurur. Belə ki, Ermənistanın 30 il ərzində Azərbaycan ərazilərini işğal etməsi faktı, hələ də Azərbaycanın beynəlxalq səviyyədə tanınmış 8 kəndini işğal altında saxlaması və bir çox istiqamətlərdə hərbi mövqelərini məhz Azərbaycanın suveren əraziləri daxilində yerləşdirməsi nəzərə alınaraq, qeyd edilən ərazidə hər hansı bir mövqenin əvvəl məhz Ermənistana məxsus olması iddiasının heç bir əsasının olmadığını bir daha göstərir. Bir daha bəyan edirik ki, Azərbaycanın bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsi niyyəti və sülh quruculuğu təşəbbüsləri qarşılığında Ermənistanın öz öhdəliklərinə zidd olaraq destruktiv fəaliyyəti davam etdirməsi, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı bəyanat və addımları bölgədə sülhün bərpasına xidmət etmir. Azərbaycan beynəlxalq hüququn ona verdiyi əsasla müvafiq sülh quruculuğu tədbirlərini davam etdirəcək”, - deyə şərhdə vurğulanıb.*
Xəbərlər şöbəsi