Türkiyənin milli müdafiə naziri Hulusi Akar bəzi ölkələrin nümayəndələrinin Azərbaycana qarşı açıqlamalarını tənqid edib. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
“Azərbaycan-Ermənistan məsələsində həmişə olduğu kimi yenə obyektivlikdən uzaq və qərəzli bəyanatlar verilir. Ancaq 30 ilə yaxındır davam edən Qarabağ probleminin həlli ilə bağlı vasitəçi missiya ilə çıxış edən ölkələrin, beynəlxalq təşkilatların səsini eşitməmişdik. Bu səbəbdən yalnız indi fikirlərini bildirənlərdən soruşuruq ki, indiyə qədər ağlınız harada idi”, - deyə Akar bəzi ölkələrin Azərbaycan əleyhinə açıqlamaları ilə bağlı bildirib.*