Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan Xəzər dənizinin su bioloji resurslarının mühafizəsi və səmərəli istifadəsi üzrə Komissiyanın növbəti iclasında Xəzər dənizində nərəkimilərin kommersiya məqsədi ilə ovlanmasına qoyulan qadağanın 2023-ci il üçün uzadılmasına dair qərar qəbul edib. Bu barədə Rusiyanın Balıqçılıq üzrə Federal Agentliyi məlumat verir.
Əvvəlki kimi, nərəkimilərin ovlanması yalnız balıqartırma və elmi-tədqiqat məqsədləri üçün mümkün olacaq.
Xəzər dənizinin su bioloji resurslarının mühafizəsi və səmərəli istifadəsi üzrə Komissiya Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan nümayəndələri tərəfindən 2014-cü ilin sentyabr ayında yaradılıb. 2016-cı ilin yazında sənəd bütün iştirakçı ölkələrdə ratifikasiyadan keçib və qüvvəyə minib. Saziş komissiyanın iştirakçı dövlətlərin icrası üçün icbari qərarlar qəbul etməsi imkanını nəzərdə tutur. Komissiyanın ilk sessiyası 2017-ci il noyabrın sonlarında Bakıda keçirilib.
Komissiyanın vəzifələri - birgə su bioresurslarının qorunması, çoxaldılması, rasional istifadəsi üzrə fəaliyyətlərin əlaqələndirilməsi, hər il ümumi icazə verilən ovların müəyyən edilməsi və milli kvotaların paylanmasıdır. Komissiyanın səlahiyyətlərinə həmçinin müəyyən rayonlarda və müəyyən dövrlər üçün ayrı-ayrı növ resurslarla bağlı balıqçılığın qadağan edilməsini əhatə edə biləcək məhdudiyyətlər əsasında birgə su bioresurslarının tənzimlənməsi və saxlanması da aiddir.
İndiyədək Qazaxıstan, Azərbaycan, İran və Türkmənistanda nərəkimilərin sənaye ovuna moratorium tətbiq edilib.**