2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda sığortaçılar 2 milyon 734,811 min sığorta müqaviləsi bağlayıblar ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 26% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə sığorta bazarındakı mənbə məlumat verib.
Sığorta müqavilələrinin böyük hissəsi könüllü sığorta növləri üzrə bağlanıb, ümumi portfelin 51,1%-i və ya 1 milyon 398,797 min müqavilə bu sığorta növlərinin payına düşüb. Ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə artım 46,2% təşkil edib.
Həyat sığortası üzrə 906,461 min (artım 34,4%), qeyri-həyat sığortası üzrə 492,336 min (artım 74,3%), əmlak sığortası üzrə 230,458 min müqavilə (artım 42%) bağlanıb.
Hesabat dövründə icbari sığorta növləri üzrə bağlanmış müqavilələrin sayı 10% - 1 milyon 336,014 minədək artıb. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə 1 milyon 133,141 min müqavilə (artım 6,3%) bağlanıb.
9 ay ərzində sığortaçılar və təkrarsığortaçıların ümumi sığorta haqları 756 milyon 891,2 min manat (+12,5%), könüllü sığorta növləri üzrə 574 milyon 391 min manat (+25%), icbari sığorta növləri üzrə 182 milyon 500,2 min manat (-14,4%) təşkil edib.
2022-ci ilin yanvar-sentyabr ayları ərzində sığorta hadisələri üzrə ödənişlər 324 milyon 71,1 min manat (-20,3%), könüllü sığorta növləri üzrə ödənişlər 252 milyon 137,5 min manat (-11,1%), icbari sığorta növləri üzrə ödənişlər 71 milyon 933,6 min manat (-41,7%) təşkil edib.*
X.Nəsirzadə