Laçın yolu hazırda Rusiya sülhməramlı kontingentinin nəzarəti altında deyil. Bu fikri Ermənistanın baş naziri Nikol Paşinyan Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşdə səsləndirib.
“Hazırda əsas məsələ Laçın dəhlizindəki böhrandır. Təxminən 20 gündür ki, Laçın dəhlizi bağlanıb. Bu, Qarabağdakı Rusiya sülhməramlılarının məsuliyyət zonasıdır”, - deyə Paşinyan bildirib.
Onun sözlərinə görə, Ermənistan, Rusiya və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına əsasən, Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarəti altında olmalıdır, Azərbaycan isə sərnişinlərin və yüklərin maneəsiz keçidinə zəmanət verir.
“İndi belə çıxır ki, Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarəti altında deyil. Təbii ki, mən bu vəziyyəti və onun həlli üçün hansı variantların olduğunu müzakirə etmək istərdim”, - deyə Ermənistanın baş naziri qeyd edib.*