Xarici işlər naziri Ceyhun Bayramov hesab edir ki, 2022-ci ildə Ermənistanla sülh müqaviləsi və sərhədlərin delimitasiyası ilə bağlı danışıqlarda əldə olunmuş irəliləyişlər məhduddur.
“Sülh müqaviləsi üzrə danışıqların (Azərbaycan və Ermənistan XİN başçıları arasında) birinci raundu Cenevrədə, ikinci raundu Vaşinqtonda baş tutub. Üçüncü raund (Moskvada – İF) Ermənistan tərəfinin imtina etməsi səbəbindən baş tutmayıb. Həmçinin sərhədlərin delimitasiyası üzrə birgə komissiyanın 3 iclası keçirilib. Bütövlükdə əldə olunmuş irəliləyiş çox məhduddur, bunun səbəbi isə Ermənistanın qeyri-konstruktiv və qeyri-ardıcıl mövqeyidir”, - deyə nazir 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Ermənistanla sülh müqaviləsinin bağlanması, sərhədlərin delimitasiyası və regionda kommunikasiyaların açılması üç fərqli prosesdir.
XİN başçısı vurğulayıb ki, İrəvanda tez-tez daxili auditoriyaya hesablanmış bəyanatlar səsləndirilir. “Ermənistan praqmatik addımlar atmalı və öz öhdəliklərini yerinə yetirməlidir. Biz də öz tərəfimizdən Ermənistanın götürdüyü öhdəlikləri yerinə yetirməsi üçün səylərimizi davam etdirəcəyik”, - deyə C.Bayramov qeyd edib.
Onun sözlərinə görə, 2022-ci ildə Laçın şəhəri, Laçın rayonunun Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə keçib. Lakin bu yaşayış məntəqələrini tərk edən ermənilər yüzlərlə evi məhv ediblər.
C.Bayramov əlavə edib ki, mina təhlükəsi əvvəlki kimi ciddi problem olaraq qalır. “Bu məsələ (Ermənistanın Azərbaycanın nəzarətinə keçən ərazilərdə minalar basdırması – İF) ilə bağlı sənəd və materiallar müvafiq instansiyalara göndərilib. 2020-ci ilin noyabr ayından indiyədək 276 nəfər mina terrorunun qurbanı olub, onlardan 46 nəfəri, o cümlədən 35 mülki şəxs həlak olub”, - deyə XİN rəhbəri vurğulayıb.*
X.Nəsirzadə