"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) istiqrazlar bazarına çıxır, 5 illik müddətli $100 milyon dəyərində istiqrazlar buraxır. Bu barədə ASCO-nun sədri Rauf Vəliyev məlumat verib.
“Emissiyanın həcmi $100 milyon, müddəti – 5 il təşkil edəcək. Emissiya bir qiymətli kağızın nominalı $1 min olan 100 min istiqraza bölünüb”, - Vəliyev çərşənbə günü "ASCO Istiqraz" istiqrazlarının yerlşdirilməsinə həsr olunan təqdimatda bildirib.
Onun sözlərinə görə, istiqrazlar üzrə gəlirlilik illik 6%, kupon ödənişi 6 aydan bir həyata keçiriləcək.
Vəliyev vurğulayıb ki, istiqrazların yerləşdirilməsindən cəlb olunan vəsait Xəzər dənizindən kənarda ASCO-nun fəaliyyətinin genişləndirilməsinə və beynəlxalq sularda istifadə üçün daha böyük yeni tipli gəmilərin (Alfamax, Handysize və s.) alınmasına yönəldiləcək.
"Tədavülə buraxdığımız istiqrazlar ölkənin qiymətli kağızlar bazarının inkişafına töhfə verəcək və vətəndaşlar üçün mənfəətli və etibarlı investisiya imkanları yaradacaq", - Vəliyev deyib.
ASCO-nun istiqrazları Bakı Fond Birjasının meydançasında yerləşdiriləcək. Anderrayter qismində PAŞA Kapital İnvestisiya şirkəti çıxış edir.
İstiqrazları həm fiziki, həm də hüquqi şəxslər əldə edə bilərlər.
İstiqrazların tədavülü həm ilkin, həm də təkrar bazarda həyata keçiriləcək.
Abunə yazılışının müddəti 60 gün təşkil edir.
Prezident İlham Əliyev 2013-cü ilin oktyabr ayında “Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi” QSC və SOCAR-ın Xəzər Dəniz Neft Donanmasının bazasında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin yaradılması haqqında sərəncam imzalayıb. Bu qurumların əmlakı yeni cəmiyyətin balansına verilib.**
N.Abbasova