Çərşənbə günü Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb və Fransanın siyasi partiyalarının nümayəndələri tərəfindən səsləndirilən anti-Azərbaycan çağırışları ilə əlaqədar Fransanın Avropa və Xarici İşlər Nazirliyinə ünvanlanmış etiraz notası qarşı tərəfə təqdim olunub.
Azərbaycan XİN məlumat verir ki, görüş zamanı Fransa hökumətinin zəruri cavab reaksiyasının olmaması fonunda Fransanın müxtəlif siyasi qüvvələri tərəfindən Azərbaycana qarşı açıq böhtan və qərəz əsasında qurulmuş kampaniyanın genişlənərək davam etməsindən Bakının dərin narahatlığı ifadə olunub.
Nazirlikdən vurğulanıb ki, Fransa parlamentində təmsil olunan siyasi qüvvələrin rəhbərləri adından Fransa prezidentinə ünvanlanmış məktubda “Azərbaycana qarşı əsassız ittihamlar səsləndirilməsi, ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qəsd mahiyyətində addımlar atılmasına çağırış edilməsi qəbuledilməzdir”.
XİN-dən vurğulanır ki, “sözügedən məktub Fransa parlamentinin hər iki palatasının Azərbaycana qarşı əsassız ittihamlarla dolu qətnamələrinin qəbul edilməsinin də daxil olduğu, məqsədyönlü və sistemli şəkildə həyata keçirilən silsilə xarakterli anti-Azərbaycan tədbirləri və bəyanatlarının davamıdır”.
“Görüş zamanı Azərbaycan tərəfi Fransa hökuməti tərəfindən Azərbaycana qarşı aparılan kampaniyanın dərhal dayandırılması məqsədilə müvafiq tədbirlərin görülməsinin zəruri olduğunu diqqətə çatdırıb”, - XİN-dən bəyan ediblər.
Fransa siyasətçiləri prezident Emmanuel Makrona Ermənistanı protektorat altına almaq və Qarabağı ələ keçirmək məqsədilə Azərbaycanı işğal etmək çağırışları ilə müraciət ediblər. Onların açıq məktubu Le Monde qəzetində dərc edilib.
Sənəddə Bakı bütün cinayətlərdə ittiham olunub. **
X.Nəsirzadə