Azərbaycan prezidenti İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə Qarabağ və Şərqi Zəngəzurda fəaliyyət göstərən özəl sektor üçün məcburi dövlət sosial sığorta haqları üzrə güzəştləri təsdiqləyib.
“Sosial sığorta haqqında” qanuna dəyişikliyə əsasən, qeyri neft-qaz sektorunda fəaliyyət göstərən biznes subyektləri bu güzəştlərdən istifadə edə biləcək.
O cümlədən, bu güzəştlər maliyyə, avtonəqliyyat vasitələri ilə yük daşıma sahələrində fəaliyyət göstərən biznes subyekləti, eləcə də dövlət büdcəsinin vəsaiti hesabına işlər həyata keçirən podratçılara şamil olunmayacaq.
Şərtlərə görə, subsidiyalaşdırma dövlət büdcəsi hesabına həyata keçiriləcək. Həmçinin, subsidiyalaşdırma 2023-cü il yanvarın 1-dən 2026-cı il yanvarın 1-dək – 100%, 2026-cı il yanvarın 1-dən 2029-cu il yanvarın 1-dək – 80%, 2029-cu il yanvarın 1-dən 2031-ci il yanvarın 1-dək – 60%, 2031-ci il yanvarın 1-dən 2033-cü il yanvarın 1-dək – 40% həyata keçiriləcək.
Həmçinin, muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunan tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqqının 100%-i subsidiyalaşdırılacaq.
Subsidiyalaşdırma qaydası, onun ödənişi müvafiq döbvlət orqanı tərəfindən müəyyən ediləcək.
Bunan əlavə, fərdi baytarlıq xidməti praktikası ilə məşğul olan fiziki şəxslər üçün məcburi dövlət sığorta haqları minimum aylıq əməkhaqqının 3%-i miqdarında müəyyən edilib (bu dərəcə 2023-cü il yanvarın 1-dən 2033-cü il yanvarın 1-dək qüvvədə olacaq). **
İnformasiya şöbəsi