Moskva Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması prosesində yüksək səviyyədə əldə edilmiş üçtərəfli razılaşmalar kompleksinə əsaslanır. Bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirilən brifinqdə deyib.
O vurğulayıb ki, üçtərəfli razılaşmalar bu prosesin inkişafı üçün etibarlı zəmin təşkil edir.
“Biz həm Ermənistan, həm də Azərbaycanla müttəfiqlik öhdəliklərimizlə bağlı olduğumuzu nəzərə alırıq, buna görə də vasitəçi kimi biz həmişə bu funksiyanı səmərəli yerinə yetirməyə imkan verən mövqe tuturuq. Ümid edirəm ki, Ermənistanda bundan xəbərdardırlar”, - deyə Zaxarova qeyd edib.
Cənubi Qafqazda hərbi və hərbi-texniki əməkdaşlığı şərh edən XİN rəsmisi qeyd edib ki, hər bir ölkə digər dövlətlərlə qeyd olunan istiqamətlərdə əməkdaşlığı inkişaf etdirmək üçün suveren hüquqa malikdir.
“Bununla belə, biz mütəmadi olaraq regiondakı tərəfdaşlarımızın diqqətinə çatdırırq ki, belə əməkdaşlıq üçüncü ölkələrə qarşı yönəldilməməli və Cənubi Qafqazda qüvvələr balansını pozmamalıdır. Bu, Türkiyə-Azərbaycan münasibətlərinə də aiddir”, - deyə o əlavə edib.*
Xəbərlər şöbəsi