Dekabrın 29-da Bakı Fond Birjasında (BFB) “Az-Lead” MMC-nin 1 milyon manat həcmində istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə BFB-dən məlumat verilib.
Hərrac zamanı 9 investor tərəfindən 9 sifariş təqdim edilib.
Emissiya hər birinin nominal dəyəri 100 manat olan 10 min ədəd istiqraza bölünüb. İstiqrazların tədavül müddəti 360 gün, illik faiz dərəcəsi 13%, faiz ödəniş dövrü isə 90 gün təşkil edir.
İstiqrazların ödəmə tarixi 29.12.2023-cü ildir.
Yerləşdirmə üzrə anderrayter “Az-Finance İnvestisiya Şirkəti” QSC olub.
“Az-Lead” istiqrazların yerləşdirilməsindən cəlb etdiyi vəsaiti istehsal və ixracın genişləndirilməsinə yönəldəcək.
“Az-Lead” şirkəti Azərbaycanda xidmət müddəti bitmiş qurğuşun-turşu akkumulyatorlarının emalı yolu ilə təkrar rafinasiya olunmuş qurğuşun istehsalı ilə məşğul olur. Şirkət 2014-cü ildə yaradılıb və Sumqayıtda fəaliyyət göstərir. MMC-nin nizamnamə kapitalı 2 milyon 842,36 min manatdır.
2021-ci ildə şirkətin satışları 11,7 milyon manat, xalis mənfəəti 1,6 milyon manat təşkil edib.
Şirkətin yeganə səhmdarı “Indart Holding”dir.*
X.Nəsirzadə